İşdən çıxarma barədə əmr bir səhifədir, amma onun arxasında bütöv prosedur dayanır. Məhkəmələr işçini işə bərpa edəndə səbəb çox vaxt elə bu prosedurun pozulması olur.
Əmək mübahisələrinə baxan məhkəmələr ilk növbədə xitamın əsasını və prosedurunu yoxlayır. Təcrübəmizdə rast gəldiyimiz tipik səhvləri sadalayırıq.
1. Əsasın sənədlə təsdiqlənməməsi
İntizam pozuntusuna görə işdən çıxarma zamanı pozuntunun faktı akt, izahat tələbi və digər sənədlərlə təsdiqlənməlidir. «Hamı bilir» arqumenti məhkəmədə işləmir.
2. Xəbərdarlıq müddətinə əməl edilməməsi
İxtisar zamanı işçi qanunla müəyyən edilmiş müddətdə yazılı xəbərdar edilməlidir. Bu müddət ərzində işçiyə iş axtarmaq üçün həftədə bir gün ödənişli vaxt verilməsi də unudulur.
3. Güzəştli kateqoriyaların nəzərə alınmaması
Hamilə qadınlar, kiçik yaşlı uşağı olan işçilər və digər qorunan kateqoriyalar üçün xüsusi qaydalar var. Ixtisar siyahısı tərtib olunarkən bu, mütləq yoxlanmalıdır.
4. Elektron sistemdə bildirişin gecikməsi
Müqaviləyə xitam elektron əmək müqaviləsi sistemində vaxtında qeydə alınmalıdır. Gecikmə işəgötürən üçün ayrıca məsuliyyət yaradır.
5. Son hesablaşmanın natamam aparılması
İstifadə olunmamış məzuniyyət üçün kompensasiya, ixtisar zamanı müavinət və digər ödənişlər xitam günü verilməlidir.
Həssas kadr qərarından əvvəl sənədləri hüquqşünasa göstərmək, sonradan məhkəmədə işçini bərpa etməkdən həmişə ucuz başa gəlir.